Ana səhifə | Gündəm | Reportaj | 06/05/09 Türklərin Bir Günü (reportaj)

06/05/09 Türklərin Bir Günü (reportaj)

“Türk, Türk, Türk…!” şüarlarının, Bozqurd işarələrinin və sədasının titrətdiyi zal hələ belə bir şey görməmişdi. Məkan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı idi. Ancaq zaldakı coşqu bu məkanda hansısa opera və baletin nümayiş etdirilməsi zamanı yaşanmamışdı. Bunu teatrın işçiləri də qeyd edir və öz təəccüblərini gizlədə bilmirdilər. Çünki 70 illik əsarət zəncirini qırmış Quzey Azərbaycanımızda damarlarda axan qan yavaş-yavaş durulur, ruh yenidən qəlblərə qayıdırdı. 

Bütün Türk Dünyası zalda

Quzey, Qərbi və Güney Azərbaycan, Borçalı, Türkiyə, Kərkük türkləri, millət vəkilləri, ziyalılar, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələrinin iştirak etdiyi, bütün Türk dövlətlərinin bayraqlarının dalğalandığı tədbir aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror nəticəsində həlak olmuş insanlarımızın bir dəqiqəlik sükutla yad edilməsilə başladı. Sonra Quzey Azərbaycan Respublikasının dövlət himni və qardaş Türkiyə Cümhuriyyətinin “İstiqlal” marşı səsləndirildi. Bundan sonra Azərbaycanla Türkiyənin birliyini müxtəlif kadrlarla özündə əks etdirən sənədli film nümayiş etdirildi. Kadrlarda tanınmış sənətçimiz Azərinin ifasında səslənən “Yol ver türkün bayrağına” (“Çırpınırdın Qara dəniz”) mahnısı səslənəndə zaldakı əksər gənclər bu ifaya qoşuldu və mahnın verdiyi coşğuyla müxtəlif şüarlar səsləndirdilər. 

“Türkün birliyini heç kəs poza bilməz”

Azər-Turk Qadınlar Birliyinin sədri, Dünya Azərbaycanlıları Konqresi (DAK) həmsədrlərinin Türk Dünyası üzrə müşaviri Tənzilə Rüstəmxanlı çıxış edərək Türkçülük Gününün keçirilməsinə böyük ehtiyac olduğunu vurğuladı: “Hər il mayın ilk həftəsi Türkiyədə bu bayram böyük təntənəylə keçirilir və bir qurum olaraq bizdə də bu bayramın keçirilməsi ənənəvi hal alıb. Biz belə tədbirlərin davamlı olaraq keçirilməsini arzulayırıq. Ona görə ki, xarici qüvvələr nə qədər maneələr yaratsalar da, türklər bir yerdədir, ayrılmazdılar. Bizim birliyimizi dünyanın bütün gücləri birləşsələr belə poza bilməzlər. Azərbaycanla Türkiyə hər zaman qardaş ölkə olaraq bir yerdə olacaqlar. Türkiyədə terror hadisələrin sayı çoxalıb. Ancaq hər bir halda biz Azərbaycan olaraq daima Türkiyənin yanındayıq. Nə qədər ki, biz çiyin-çiyinə, əl-ələyik, bizi ayırmağa dünyanın gücü yetməz. 19 may böyük türk oğlu Mustafa Kamal Atatürkün doğum günüdür. Başdan-başa bayramlarla zəngin olan may bayramınız, Türkçülük Bayramınız mübarək olsun. Qoy bu tədbir həm də də tez-tez qardaş Türkiyədə törədilən, bu yaxınlarda isə bizim ölkədə baş verən qanlı terror hadisələrinə etirazımız olsun. Biz buradan türkün bədxahlarına səslənirik: Türkü türkdən ayırmağa yağıların gücü yetməz. Bu gün həm də Əbülfəz Elçibəyin, Alparslan Türkeşin anım günüdür”.

“May ayı Türk Dünyası üçün yenidən doğuş ayıdır”

Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Erkan Özoral da çıxışında hər iki ölkənin dostluğundan danışıb. O, Azərbaycan Dövlət Neft Akademiyasındakı qətliama görə başsağlığı da verərək, Azərbaycan və Türkiyəni daima bir yerdə olacağını bildirib: “May ayı Türk Dünyası üçün yenidən doğuş ayıdır. Məhz bu ayda Mustafa Kamal Atatürk və Heydər Əliyev doğulub. Elə Mustafa Kamal Atatürk Türkiyənin istiqlaliyyətinə aparan yolda ən böyük uğuru sayılan Samsun şəhərində qələbəsi də məhz özünün doğum gününə - mayın 19-na təsadüf edib. Hamımız Türkün kim olduğunu bird aha dünyaya nümayiş etdirməliyik. Bunun üçün öyrənməli və davamlı olaraq çalışmalıyıq. Biz bir millət iki dövlətik”.

“Türk birliyi artıq reallığa çevrilib”
 
Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı isə tədbirin son qanlı olayla əlaqədar ləngidiyini və mayın 5-nə təxirə salındığını söylədi: “Türkün birliyi bir çox nəhəng dünya ölkələrində narahatlıq yaratdığı üçün bu gün türklərə ideoloji, diplomatik, terror savaşları açılıb. Ona görə də dünya gücləri Azərbaycanla Türkiyənin qardaşlığını çətin bir sınağa çəkdilər. Ancaq Türkiyə əhalisinin 96 faizi Ermənistanla sərhədlərin açılmasına yox dedi. Bəli, həmin sərhədlər açılmaz. Biz bir millətin təmsilçisiyik. Bəli, biz türkük. Düşmənlər yüz illərdir bizim birliyimizi pozmağa çalışır. Məhz ötən əsri sonlarında Türk dövlətləri müstəqilliyini qazandıqdan sonra Türkə qarşı savaş açılıb. Çünki Türk birliyi artıq reallığa çevrilib. Ona görə də gənclər fəal olmalı Azərbaycan-Türkiyə ittifaqının möhkəmlənməsinə xidmət etməlidirlər”. Sonra millət vəkili Türkyə-Ermənistan sərhədlərinin açılıb-açılmayacağıyla bağlı yeni yazdığı “Türk xalqı olmaz deyir” şeirini səsləndirdi. 

“Türk xalqı sərhədlərin açılmasına yol verməz”

Qazi Universitetinin professoru Çətin Almaz da bayram münasibətilə ürək sözlərini dedi: “Canaqqalada 1600 azərbaycanlı əsgəri yatır, Nuru Paşanın ordusu Azərbaycanın müdafiəsinə yetişərkən xeyli şəhid verdi. Bu qurbanlar türkün vahidliyi uğrunda şəhid oldular. Ermənistan Qarabagdan cəkilməyincə, Türk xalqı sərhədlərin açılmasına yol verməz”. 

“Ya Qarabağ, ya ölüm”

Bundan sonra gənc bir qız böyük emosiya ilə türkiyəli Ozan Arifin yazdığı “Ya Qarabağ, ya ölüm” şeirini səsləndirdi və zaldakı bütün gənclər ayağa qalxaraq ona qoşuldular. Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti isə Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə”, Zəlimxan Yaqubun “Türk yağıdan üzr istəməz” şeirlərini səsləndirdilər. Daha sonra Aydan xanım Sabir Rüstəmxanlının “Tanrı işığı” şeirini söylədi. Azərbaycanı dünyada təbliğ edən Səlim adlı soydaşımız isə skripkada Azərbaycan və Türkiyə mahnılarını gözəl ifa elədi. Buraya xalq mahnımız “Sarı gəlin”, Türkiyənin “Kaybolan yıllar” və “Kurtlar vadisi” teleseriallarının musiqiləri və s. daxildi. Bütün bunların verdiyi coşquyla zaldakı gənclər bir ağızdan “Azərbaycan bir olsun mərkəzi Təbriz olsun!” şüarını səsləndirdilər. Azərbaycanın müxtəlif universitetlərində təhsil alan türkiyəli tələbələrin yaratdığı musiqi qrupu isə “Baş qoymuşam Türkiyənin, Azərbaycanın yoluna”, “Mehtər” marşı və məşhur “Çırpınırdın Qara dəniz” mahnılarını ifa etdilər. Həmin mahnıların ifaçısı isə Sinan adlı türkiyəli gəncdi. Bu musiqilərin səsləndirildiyi zal bir anda Bozqurd işarələrinə büründü. Sonra “Qarabağ bizimdir bizim olacaq!”, “Erməni piçləri yıldıramaz bizləri!”, “Alparslan Türkeşin əsgərləriyik!” şüarları səsləndirildi. 

“Azərbaycan bir olsun mərkəzi Təbriz olsun!”

Təbii ki, bu qədər coşmuş zalda səhnəyə Güney Azərbaycanımızın tanınmış sənətçisi Araz Elsəs çıxdı. Bir anda zal sanki titrədi. Uğultudan az qala qulaq tutulurdu. Çünki zalı “Azərbaycan bir olsun mərkəzi Təbriz olsun!” şüarı bürümüşdü. Gurultulu alqışlarla qarşılanan Araz Elsəs yeni mahnılarını ifa etdi. Onların arasında Qarabağa həsr etdiyi mahnı da vardı. Zalda isə “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Türkük, Türkçüyük, Atatürkçüyük!”, “Nə mutlu Türküm deyənə!” şüarları dillərdən düşmürdü. 

“Rus, fars, erməni, bunlar Türkün düşməni!”

Bundan sonra güneyli soydaşımız səhnəni Türkiyənin tanınmış sənətçisi Əhməd Şəfəqə təhvil verdi. Bir anda zal sanki yerindən oynadı. “Rus, fars, erməni, bunlar Türkün düşməni!”, “Ərgənəkon yurdun adı, Ötüken qurdun adı!” şüarlarının sədası altında səhnəyə çıxan türkiyəli sənətçi Araz Elsəsin coşdurduğu zaldakı gəncləri daha da ruhlandırdı. Əhməd Şəfəq ifasına məhz “Yaşa Azərbaycan” mahnısıyla başladı. 

“Bakı-Təbriz-Ankara, fars hara, Türk hara!”
Bir anda zal sənətçilə səs-səsə verdi və sonra “Bakı-Təbriz-Ankara, fars hara, Türk hara!”, “Bütün türklər burada, çaqallar harada!” şüarlarını səsləndirdilər. Azərbaycan və Türkiyənin bayraqları isə daima ucalarda dalğalanırdı. Sənətçinin özü belə təəccübünü gizlədə bilmirdi. Çünki hansısa mahnısını ifa etdikdən sonra mütləq şüar səsləndirilirdi. Hətta onu bir mahnını yenidən oxumağa məcbur edirdilər. Əhməd Şəfəq “Adam kimi” mahnısını ifa etdikdən sonra isə zal “Azərbaycan!” şüarıyla titrədi. 

“Elçibəy ölmədi qəlbimizdə yaşayır!”

Bundan sonra Türkün tarixi torpaqlarının – Qərbi və Güney Azərbaycan, Borçalı, Dərbənd, Kərkük və s. adları çəkildi. Ancaq “Elçibəy ölmədi qəlbimizdə yaşayır!” şüarının titrətdiyi zal heç bir şüarla müqayisə oluna bilməzdi. Təbii ki, bu coşqudan sonra türkiyəli sənətçi heç Təbrizi unudarmı? Əhməd Şəfəqin Güney Azərbaycanın şərəfinə “Ayrılıq” mahnısını ifa etməsilə zal yenidən “Azərbaycan bir olsun mərkəzi Təbriz olsun!” şüarıyla guruldadı. Daha sonra türkiyəli sənətçi “Giziroğlu Mustafa bəy” mahnısını ifa etdi və zal yallı, halay meydanına çevrildi. Sənətçi özü də zala enib gəncləri daha da coşdurdu. Bütün bunların yaşandığı tədbir 3,5 saat davam etdi. 
 


© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb