28/10/09 Pensiya təyinatında yüksək şəffaflıq təmin olunub
mərkəzi qərargahında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Qanuna əlavələr və dəyişikliklərlə bağlı keçirdiyi bugünkü mətbuat konfransında bildirib.
O deyib ki, Milli Məclisdə “Əmək pensiyaları haqqında” Qanuna əlavələr və dəyişikliklərin edilməsi ölkədə həyata keçirilən sığorta-pensiya islahatlarının növbəti mərhələsidir. Başqa sözlə, bu məsələ əvvəlcədən proqnozlaşdırılmış, Dövlət Proqramında öz əksini tapmış və 2015-ci ilədək həyata keçirilməli olan məsələlərin sırasında idi. 2006-cı ildən başlayaraq ölkəmizdə iki sistem paralel olaraq inkişaf edir. Bunlar sığorta-pensiya və dövlətin ünvanlı sosial yardım və sosial müavinətlər sistemləridir. Hər iki sistem ayrı-ayrı meyarlar əsasında formalaşır, inkişaf edir. Yəni, hər iki sistemin formalaşma, inkişaf meyarları ayrıdır.
S.Müslümov bildirib ki, Qanuna ən vacib əlavə keçmiş dövrdə qazanılmış əmək pensiyası hüququnun məbləğinin müəyyənləşdirilməsində nəzərdə tutulan dəyişiklik olub. 2006-cı il yanvarın 1-dən (yeni sistem fəaliyyətə başlayandan) 2009-cu il oktyabrın 1-dək (3 il 9 ay ərzində) DSMF orqanları tərəfindən 167 min 891 nəfərə yaşa görə pensiya təyin olunub. Bunun 101 min 370 nəfəri (60,4 faizi) minimum pensiya (75 manat) ilə təmin edilmişdir. 4 faizi (təqribən 6 min 700 nəfər) 300 manatdan yuxarı pensiya alıb. Hətta, 680 nəfərə min manatdan yuxarı pensiya təyin edilib. Nəticədə, 6 min 700 nəfərin aldığı 1 aylıq pensiya ümumi pensiya məbləğinin 20 faizini təşkil edir. Amma 75 manat alanların (60,4 faiz) pensiyası ümumi pensiya məbləğinin 39 faizini təşkil edir. Belə çıxır ki, 40 il müəllim işləmiş insan 75 manat alır, ancaq 10-15 il hansısa daş karxanasının sahibi 2004-2005-ci illər üçün böyük bir məbləğ qoyur və pensiyaya çıxanda 2 min, yaxud 3 min pensiya alır. Tamamilə yanlış bir hesablanma qaydası mövcud idi. Sözügedən Qanunun 27-ci maddəsinə dəyişiklik edilməklə qüsur ortadan qaldırılıb.
S.Müslumov vurğulayıb ki, bütün mənfi hallar pensiya təyinatı zamanı həm əmək haqqı arayışlarında, həm də əmək haqlarının məbləğində idi. Artıq 2006-cı ilədək olan dövr üçün pensiya hesablanan zaman belə bir arayış və yaxud məbləğ lazım olmayacaqdır. Bundan sonra hər bir şəxsin əmək kitabçası üzrə 2006-cı ilədək nə qədər əmək fəaliyyəti illəri varsa, hər il üçün 170 manat pensiya kapitalı götürüləcək, 170 manat həmin illərin sayına vurulacaq, ondan sonra 2006-2009-cu illərin inflyasiya faizlərinə vurulub artırılacaq və toplanmış məbləğ onun fərdi hesabında həmin bu son 4 il ərzində toplanmış məbləğin üstünə gələcək, ümumi məbləğ 144-ə bölünəcək, bununla da sığorta hissəsi müəyyənləşəcək və onun üzərinə ölkədəki baza pensiyası əlavə olunacaqdır. Bu o deməkdir ki, 2010-cu il yanvarın 1-nə kimə pensiya təyin olunacaqsa, onun pensiyası 90 manatdan aşağı olmayacaqdır.
DSMF-nin sədri diqqətə çatdırıb ki, ölkənin demoqrafik inkişafının sığorta-pensiya və digər sistemlərin inkişafına təsiri araşdırılıb. Sığorta-pensiya sisteminin inkişafı üçün bütün bunlar nəzərə alınıb. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərində Qanunda dəyişiklik edilib. Belə ki, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) onlara yaşa görə əmək pensiyası hüququ verilir. Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012–ci il yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı il yanvarın 1-dək hər il 6 ay artırılacaqdır.
Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə pensiya təminatı, yaşa görə pensiyanın məbləğinin hesablanması, habelə, əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri də dəyişdirilib.
Qanunun 29-cu maddəsindən bəhs edən S.Müslümov qeyd edib ki, pensiyanın baza hissəsi artırılan zaman istehlak indeksi nəzərə alınacaqdır.
Bütün bu dəyişikliklər ona istiqamətlənmişdir ki, sığorta-pensiya sistemi sosial ödəmə sisteminin elementlərindən tamamilə təmizlənsin.
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh