Ana səhifə | Mədəniyyət | 09/11/09 “Azərbaycan-macaristan: mədəniyyətlərin dialoqu”

09/11/09 “Azərbaycan-macaristan: mədəniyyətlərin dialoqu”

tədbir Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi, AMEA İqtisadiyyat İnstitutunun və Macarıstan EA Dünya İqtisadiyyatı İnstitutunun, eləcə də Azərbaycan Parlamentindəki Macarıstan-Azərbaycan Dostluq Qrupunun iştirakı ilə baş tutub. Bu ilki elmi forumun əsas mövzuları iqtisadiyyat, hüquq və siyasət məsələləri olub.

Konfransda Azərbaycan tərəfdən Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı, Macarıstan Parlamentindəki Azərbaycan-Macarıstan Dostluq Qrupunun rəhbəri Janoş Horvats, qrupun digər üzvləri, AMEA İqtisadiyyat İnstitutunun direktoru professor İsa Əliyev və institutun digər əməkdaşları,  Macarıstan EA Dünya İqtisadiyyatı İnstitutunun direktoru və əməkdaşları, İqtisadiyyat İnstitutunun, Hüquq İnstitutunun təmsilçiləri, bu ölkənin müxtəlif universitet və kolleclərinin rəhbərləri iştirak ediblər. Tədbiri açan Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov deyib ki, konfrans səfirliyin Budapeştdə keçirdiyi illik elmi forumlar silsiləsindən sayca dördüncü olsa da, macarıstanlı və azərbaycanlı iqtisadçı alimlərin iştirak etdiyi ilk forumdur. Həsən Həsənov səfirliyin təşəbbüsü ilə əvvəllər keçirilmiş “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” silsiləsindən konfranslar barədə məlumat verib.

Konfrans iştirakçılarının sayının ilbəil çoxalması Macarıstan cəmiyyətinin Azərbaycana marağının artdığını göstərir. Səfir qeyd edib ki, budəfəki konfrans əvvəllər təklif edilmiş ideyaların inteqrasiya olunması, müzakirə edilən məsələlərin formatının və mövzu dairəsinin genişlənməsi baxımından öncəkilərdən fərqlənir. O. Azərbaycan səfirliyinin çap etdirdiyi kitabları və kitabçaları konfrans iştirakçılarına təqdim edib.

     Sonra Macarıstan xarici işlər naziri Peter Balajın konfrans iştirakçılarına təbrik məktubu oxunub. Məktubda deyilir: “Sevinc hissi ilə qeyd edə bilərəm ki, qarşılıqlı səylər sayəsində ikitərəfli münasibətlərimiz daha da dərinləşir. Bu, həm siyasi dialoqun səviyyəsində, həm də maarif, elm və mədəniyyət kimi sahələrdə əməkdaşlığın intensivliyinin getdikcə artmasında özünü göstərir”.

     Azərbaycanın iqtisadi inkişafının əsas istiqamətləri haqqında çıxış edən AMEA İqtisadiyyat İnstitutunun direktoru İsa Əliyev müstəqil Azərbaycan dövlətinin iqtisadi strategiyasının formalaşmasında milli lider Heydər Əliyevin rolunu və bu fəaliyyət xəttinin indiki iqtidar tərəfindən ardıcıl, uğurla davam etdirildiyini xüsusi vurğulayıb. Macarıstan EA Dünya İqtisadiyyatı İnstitutunun direktoru Andraş İnotai isə Azərbaycan səfirliyinə başçılıq etdiyi elmi müəssisə arasında əməkdaşlığa görə təşəkkürünü bildirərək deyib ki, institut bu konfransın hazırlanmasına məmnuniyyətlə qatılıb. “Biz institutda ilk növbədə fundamental iqtisadi fənlər üzrə, ikincisi Avropa İttifaqı, Mərkəzi və Şərqi Avropa ölkələrinın iki mühüm bloku – Rusiya-Ukrayna-Qafqaz-Mərkəzi Asiya və Çin bloku kimi regionlarda keçid dövrünə aid tədqiqatlar aparırıq. Energetika iqtisadiyyatı, əmək bazarı, sərbəst iqtisadi zonalar kimi məsələlərin öyrənilməsinə xüsusi diqqət yetirilir”. Sitat İnotaidəndir. O bildirirb ki, macar mütəxəssisləri iqtisadi strukturun modernləşdirilməsi sahəsində zəngin təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşməyə hazırdırlar. Macarıstan bu sahədə böyük uğurlar qazanıb.

Sonra Dünya İqtisadiyyatı İnstitutunun böyük elmi işçisi Atilla Karoy Şooş çıxış edib. O, Macarıstanın beynəlxalq iqtisadi böhrana münasibəti barədə danışarkən deyib ki, uzaqgörən Azərbaycandan fərqli olaraq, Macarıstan bu böhranı valyuta ehtiyatları toplamadan qarşılamalı olub, əvəzində külli məbləğdə xarici borcu yaranıb. Onun sözlərinə görə, böhran Macarıstan iqtisadiyyatına ağır zərbə vurub. Ölkə valyuta və maliyyə sektorunun strukturunu dəyişməli, milli fiskal siyasətdə islahatlar barədə fikirləşməli olub.

AMEA İqtisadiyyat İnstitutunun direktor müavini Allahyar Muradov “Azərbaycanın qeyri-neft sektorunda investisiya-innovasiya fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, energetika sahəsi ilə yanaşı, qeyri-neft sektoru da dövlət rəhbərlərinin diqqət mərkəzindədir və bu fakt ölkənin büdcəsində öz əksini tapıb. A.Muradov bu fikri təsdiqləyən nümunə kimi, kənd təsərrüfatının və kimya sənayesinin inkişafında ölkəmizin qazandığı uğurları diqqətə çatdırıb.

Dünya İqtisadiyyatı İnstitutunun əməkdaşı Tamaş Siqetvari (Tamas Szigetvari) “Azərbaycanın regional iqtisadi münasibətləri” mövzusunda məruzə təqdim edib. Məruzəçi bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk dövrdə emal sənayesinin istehsal güclərinin qıtlığından əziyyət çəkirdi. SSRİ dağılandan sonra Azərbaycan ənənəvi satış bazarlarını itirmiş, ÜDM 55 faiz azalmış, yerli sənaye məhsullarını yeni bazarlara yönəltmək mümkün olmamışdı. 1995-ci il üçün neft və qaz hasilatı da azalmışdı, çünki Yerin təkindən karbohidrogenlər çıxarılması getdikcə çətinləşirdi. Lakin son onillikdə müşahidə etdiyimiz vəziyyəti mübaliğəsiz olaraq “bum” adlandırmaq olar. Bu, xüsusilə energetika sahəsinə aiddir.

Macarıstan institutunun digər əməkdaşı Jujanna Lüdviq “Aİ ilə Azərbaycan arasında iqtisadi münasibətlər” mövzusunda məruzə edib. TACİS proqramının Azərbaycanın iqtisadi dirçəlişində rolu, Avropa İttifaqı ilə Azərbaycan arasında bağlanmış sazişlər haqqında söz açan J.Lüdviq deyib ki, son 10 ildə Azərbaycandan Aİ ölkələrinə ixrac 20 dəfə artıb. Indi xüsusən energetika sektorunda, Azərbaycan Aİ-nin Qafqazda ən iri tərəfdaşıdır. Onun sözlərinə görə, Azərbaycanın Dünya Ticarət Təşkilatına qəbul edilməsi məsələsi də, heç şübhəsiz, Azərbaycanla Avropa iqtisadi bazarı arasında iqtisadi münasibətlərə güclü təsir göstərəcək. Aİ ilə Azərbaycan arasında iqtisadi əlaqələrin gələcəyi kifayət qədər perspektivlidir. Bunun üçün hər cür əsas var. Azərbaycanda işgüzar şərait yaxşılaşır, ölkədə iqtisadi artım müşahidə olunur. Azərbaycan Aİ üçün perspektivli bazardır. Bundan əlavə, Aİ-də Azərbaycanın zəngin enerji ehtiyatlarına böyük tələbat var.

AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Təranə Nəcəfovanın çıxışı isə “Abşeron iqtisadi rayonunda demoqrafik göstəricilərin və məşğulluğun təhlili” mövzusunda olub. O xatırladıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ölkənin iqtisadi inkişafına mənfi təsir göstərib. Buna baxmayaraq, Azərbaycan iqtisadi cəhətdən inkişaf etmək üçün özündə qüvvə tapıb. Əhalinin məşğulluğu iqtisadiyyatın inkişafında böyük əhəmiyyət kəsb edir. Bu gün Abşeron Azərbaycanın ən sıx məskunlaşmış regionudur. Burada 2 milyona yaxın sakin cəmləşmiş, müxtəlif istehsalatlar, sənaye müəssisələri yaradılıb. Abşeron regionuna ilk növbədə, respublikanın paytaxtı Bakı, habelə Sumqayıt və Xırdalan şəhərləri, Xızı rayonu və onların tərkibinə daxil olan inzibati ərazilər aiddir. Məruzəçi Böyük Bakıda və Azərbaycanın qalan hissələrində doğum, miqrasiya, urbanizasiya məsələlərinə, əmək məşğulluğunun sosial və iqtisadi aspektlərinə də toxunub. Məruzədə bu mövzunun gender aspektlərinə də xüsusi diqqət yetirilib.
     Macarıstanlı iqtisadçılardan sonra çıxış edən Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı milli iqtisadiyyatın inkişafında Azərbaycanın uğurlarını əks etdirən statistik rəqəmlər səsləndirib. O deyib ki, bizim əsas siyasi məqsədimiz Azərbaycan cəmiyyətində sosial sabitliyin təmin edilməsidir. Ölkədə xarici iş adamlarının investisiya fəaliyyəti üçün əlverişli şərait yaradılıb, əcnəbi sərmayədarların işi üçün zəruri sosial-hüquqi baza təmin edilib. Millət vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif səviyyəli beynəlxalq müzakirələri zamanı Macarıstan hökumətinin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib və bunun üçün macar xalqına minnətdarlığını bildirib.

Pannon Universitetinin rektoru, professor Akoş Redey başçılıq etdiyi ali məktəbin tarixi, oradakı əsas ixtisaslar, fakültələr, tədqiqat işləri, tələbə və professor-müəllim heyətinin say tərkibi, maliyyələşdirmənin xüsusiyyətləri, Macarıstanın Bolonya prosesinə qoşulması ilə əlaqədar alman təhsil sistemindən Amerika təhsil sisteminə keçidin çətinlikləri və gözlənilən nəticələri barədə geniş bilgi verib. Rektor Azərbaycan ali məktəbləri ilə əməkdaşlıqda maraqlı oldurlarını bildirib. O da qeyd olunub ki, bu il universitetin tarixində ilk dəfə Azərbaycandan olan tələbə bu ali məktəbə daxil olub və orada təhsil almağa başlayıb. Universitet rəhbərliyi ümidvardır ki, burada azərbaycanlı tələbələrin sayı ilbəil artacaq.

Konfransın daha bir iştirakçısı, Eqer şəhərindən olan tarixçi Tibor Kovaç “Odlar diyarının turizmi” mövzusunda maraqlı çıxış edib. Özü heç vaxt Azərbaycanda olmadığına baxmayaraq, bu ölkədə turizmin inkişafı haqqında məruzə hazırlayan tarixçi ümid edir ki, bu məruzə gələcəkdə Azərbaycan iqtisadiyyatının turizm sektorunun daha fundamental şəkildə tədqiq edilməsi üçün elmi əsas olacaq. O, İçərişəhər, Qız Qalası, Bakı şəhərinin tarixi, onun ənənələri, memarlığı, XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərən məşhur xeyriyyəçilər, Azərbaycanın iqlim zonaları ilə virtual tanışlıqdan aldığı təəssüratlar və bir sıra başqa məsələlər barədə auditoriyaya toplaşanlara məlumat verib.

Fizik İmre Atilla öz çıxışında Abşeron və Qobustan rayonlarının palçıq vulkanlarından bəhs edib. Bu vulkanları “dünyanın möcüzəsi” və “turistlər üçün Məkkə” adlandıran natiq bu məsələnin ekoloji aspektlərinə də toxunub.

Sonda konfrans iştirakçılarına Azərbaycan haqqında sənədli film nümayiş etdirilib.

 Qeyd edək ki, IV Beynəlxalq Elmi Konfransın “Tarix, arxeologiya, etnoqrafiya, linqvistika” bölməsi noyabrın 17-19-da keçiriləcək.


© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlavə: | Add to your del.icio.us del.icio.us | Digg this story Digg

Şərhlər (0 Göndərildi):

Sizin şərh comment
  • email Dostuna göndər
  • print Çap et
  • Plain text Sadə mətn
De-mar.net studiyasında hazırlanıb