Güneyli siyasi mühacirlər Bakıda mətbuat konfransı keçirdi
16 mart 2011-ci il tarixində “Trend” Mətbuat Mərkəzində Azərbaycan Respublikasında yaşayan güney azərbaycanlı siyasi mühacirlər mətbuat konfransı keçirdi.
Tədbiri güneyli şair Babək Muğanlı açaraq bildirdi ki, bütün güneylilər, onların təşkilatları, partiyaları dünyanın harasında olursa-olsun əl-ələ verərək bir ocağın başına toplaşıb Güney Azərbaycan məsələsini qaldırmalı və öz haqlarının bərpasını tələb etməlidirlər: “İran dlanan ölkədə insan haqları pozulur, qeyri-fars millətləri ən ibtidai haqlarından belə məhrumdurlar. Qəddar molla rejimi 35 milyonluq Azərbaycan türkünün öz ana dilində yazıb-oxumasına və s. qadağa qoyub. Yüzlərlə milli fəallarımız bu yolda şəhid olub və hazırda da həbsxanada olan soydaşlarımız var. İslam adıyla bu ölkədə bütün xalqları, xüsusilə də 35 milyonluq Azərbaycan türkünü basqı altında saxlayırlar. Biz Güney Azərbaycan siyasi mühacirləri İran adlanan ölkədə gedən proseslərə biganə qalmayaraq, orada insan haqlarının pozulmasını pisləyir və öz hüquqlarımızın bərpasını tələb edirik. Bundan əlavə, daxildə və xaricdə yaşayan Güney Azərbaycanın bütün təşkilatlarına üz tutaraq onları vahid bir ocağın qırağında əl-ələ verib azadlığımız uğrunda mübarizə etməyin tərəfdarıyıq. Bizim yolumuz bir, istəyimiz birdir. Yəni Güney Azərbaycanın azadlığı, soydaşlarımızın öz müqəddəratını təyin etməsidir. Ona görə də biz bütün güneyliləri, onların təşkilatlarını, partiyalarını bir yumruq kimi birləşərək öz haqlarını tələb etməyə çağırırıq. Atalarımız demişkən: “Güc birlikdədir!””.
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Ağrı Qaradağlı dedi ki, bu gün İran müxalifətinin gözü Azərbaycan türklərinə dikilib: “Hətta onlar bəzi azərbaycanlı məsullarla da görüşərək onlara dəstək verməsini istəyiblər. Ancaq indiyədək “yaşıl hərəkat” deyilən müxalifət qüvvələri tərəfindən rejimdə hər hansı bir dəyişiklik baş verərsə, Güney Azərbaycanda yaşayan soydaşlarımızın, ümumiyyətlə, digər millətlərin hüquqlarını qoruyacaqları və ya onların haqlarını tanıyacaq ları barədə heç bir bəyanat verməyiblər. Mən hesab edirəm ki, “yaşıl hərəkat” İrandakı sistemə bağlıdır və sistemli şəkildə idarə olunur. Ona görə də gələcəkdə heç bir xalqın, ümumiyyətlə, öz tarixi torpaqlarında yaşayan azərbaycanlıların hüquqlarını qorumayacaq. Ancaq bir təşkilat olaraq əgər bütün haqlarımız təmin edilərsə, İran daxilindəki hər bir hərəkata dəstək verməyə hazırıq. Mən də Güney Azərbaycan təşkilatlarının bir araya gəlməsinin və Arazın o tayında müstəqil dövlətimizin qurulmasının tərəfdarıyam”.
“21 Azər” təşkilatının (Azərbaycan Demokratik Firqəsi) nümayəndəsi Yədulla Kənani vurğuladı ki, qurum olaraq İran çərçivəsində federal bir dövlətin tərəfdarıdırlar: “Rejimə qarşı hər bir hərəkat dəstəklənməlidir. Çünki bu yolla həmin hərəkatda öz milli məsələlərimizi qabarda bilərik. Ona görə də indiki məqamda demokrat yolla mübarizə aparan təşkilatlarla, hərəkatlarla anlaşmaya getməyimiz şərtdir. Şeyx Məhəmməd Xiyabani Azərbaycan Demokrat Partiyasını yaratdı, Seyid Cəfər Pişəvəri isə onu yenidən bərpa etdi. Biz Azərbaycan Demokrat Firqəsinin ətrafında birləşməli və bütöv şəkildə hərəkət etməliyik. Güney Azərbaycanda da Pişəvəri dövlətçiliyin əsasını 70 ilə yaxındır qoyub. Bu da federal dövlətdir ki, elə ayrıca bir dövlətdir“.
DAK Daimi Şurasının sədri Əjdər Tağızadə bildirdi ki, Azərbaycan Respublikasında yüz mindən çox güneyli yaşayır: “Ancaq 20 ildir onların vətənlərinin müstəqil bölümündə lobbisi və ya diasporu yoxdur. Dövlət qanunvericiıiyində də 35 milyondan artıq Azərbaycan türklərinin hüquqlarıyla bağlı heç bir şey nəzərə alınmayıb. Azərbaycan güneyindən, quzeyindən asılı olmayaraq, bütün azərbaycanlıların vətənidir.
Qarabağ, Xocalı, 20 Yanvar faciələri İran adlanan yerdə olan azərbaycanlıların hüquqlarının tapdanması, zindanlara salınması bütün azərbaycanlıların ümumi dərdidir. Azərbaycan Respublikası da güneydən olanların burada hansı statusa malik olduğunu deməlidir. Biz öz haqlarımızın müəyyənləşdirilməsini istəyirik. Ona görə də yaxın günlərdə Azərbaycan Respublikasının prezidentinə müraciət edəcəyik. İnsan haqları məsələsi ümumbəşəri bir problemdir. Ona görə də bu məmləkətdə güneylilərin yeri-yurdu, hüququ olmalıdır. Azərbaycan dövlətinin Güneylə bağlı konsepsiyası olmalıdır”.
Onun sözlərinə görə, bu gün dialoq əsridir: “Bəs onda nə üçün Azərbaycanın güneyindən olan insanlar, təşkilatlar, partiyalar bir-biriləriylə müzakirələr aparmasınlar, dialoq qurmasınlar. Biz hansı ideologiyanı qəbuı etməsindən, hansı mübarizə ylunu seçməsindən, hansı partiyanın, təşkilatın üzvü olmasından və s. asılı olmayaraq, hər bir azərbaycanlının hüquqlarını qorumalı, ona dəstək olmalıyıq. Ona görə də daxildə və xaricdə yaşayan 35 milyondan çox türkün təmsilçilərinin bir araya gəlib dialoq aparması zəruridir. Eyni zamanda Güney Azərbaycanda və xaricdə fəaliyyət göstərən istiqlalçılar, millətçilər, federallar, federal demokratlar, mücahidlər və başqa yönümlü bütün təşkilatlar vahid hərəkatda birləşməlidir.
Çünki bu gün Azərbaycanın güneyində gedən hərəkat milli azadlıq hərəkatıdır, öz milli kimliyini tanıtdıran bir hərəkatdır. Onlar “yaşıl hərəkat”a belə dəstək vermirlər. Ona görə də özlərinə məxsus internet saytlarında Azərbaycan türklərinin ünvanına təhqiramiz yazılar yerləşdirirlər. “Yaşıl hərəkatın” liderlərindən olam Mirhüseyn Musəvi və onun yandaşları vaxtilə insan haqlarını kobud surətdə pozublar, insanları işgəncələrə məruz qoyublar, Musəvinin 8 il baş nazir olduğu dövrdə Xomeyninin əmriyllə bir gecənin içərisində müxtəlif ideologiyaların tərəfdarı olan on minlərlə adam həbsxanalarda öldürülüb. Eyni zamanda bu gün ilımlı qanadın başında duran həmin adam Təbrizdə yüzlərlə qızı təcavüzə məruz qoyub. Yəni bütün bunları unudaraq “yaşıl hərəkat”a dəstək vermək mümkün deyil. Əgər bu gün Musəvi hakimiyyət dəşikliyini istəyirsə, bunu açıq şəkildə bəyanlasın. Ancaq Musəvi Kərrubi ilə birlikdə başlarının üzərinə Xomeyninin şəklini qaldıraraq nizamın çərçivəsində və ölkə konstitusiyasına uyğun hərəkət edəcəyini deyir. Bu sustem və konstitusiya isə tamamilə insan haqlarına ziddir”. Əjdər Tağızadə dedi ki, ayətullah Şəriətmədarinin oğlu Həsən Şəriətmədari ilə görüşdüyünə görə qınaqla üzləşir: “Mən 14 il əvvəl də, bu günlərdə də onunla görüşmüşəm. Ona atasının da, özünün də azərbaycanlı olduğunu dedim. Ancaq bəzi soydaşlarımız buna görə məni tənqid edirlər. Mənim istəyimsə sadəcə azərbaycanlıların bir araya gəlməsidir. Bu gün İran Xalq Mücahidləri Təşkilatı adlanan qurumun əsasını da azərbaycanlılar qoyub. Onun rəhbərliyində və sıralarında xeyli azərbaycanlı var, onların da Azərbaycana münasibəti yaxşıdır. Bu gün nə üçün doktor Mahmudəli Çöhrəqanlıdan yararlanmayaq? O, 1995-ci öz işini görüb və bu gün də tribunası açıq olmalıdır. Yəni bizim sıralarımızda olmalıdır, öz fikrini deməlidir. Biz ötən il federalçıları Azərbaycana dəvət etmişdik, hazırda onlarla da yaxşı əməkdaşlığımız var. Axı niyə Azərbaycan federalçıları İran adlanan yerin federalçılarının yanında olmalıdır? Onların baxışları fərqlənsə də, ancaq bir yerdə olmalıyıq”.
Əslən Güney Azərbaycanın Sərab şəhərindən olan Şükrüllah Mütəhəmmil vurğuladı ki, şüur, şərəf, igidlik və sədaqət azərbaycanlıların əsas gözəl xüsusiyyətləridir: “Bizimlə molla rejimi arasında qanla dolu bir dəniz var. Bu, mollalar tərəfindən qətlə yetirilmiş, zindanlarda öldürülmüş Azərbaycan gənclərinin qanı ilə dolmuş bir dənizdir. Azərbaycan gəncinin işgənclər altında boynu əzilib, amma əyilməyib. Azərbaycanlılar yalnız öz bayrağının altında gəzəcək. Əsl azərbaycanlı gərək həmişə doğru danışsın, haqqa dayaq olsun, qul kimi heç kimə qulluq etməsin, öz fikri və düşüncəsiylə yaşasın və s”.
Güneyli şair Məhəmmədrza Ləvai demokratiya Güney Azərbaycanda çox gözəl şəkildə özünü göstərir: “Hətta bizim Milli Hərəkat digər qeyri-fars millətlərində də onların hüquqlarını qoruyacağına dair müsbət fikir formalaşdırıb. Ona görə də ərəblər də, kürdlər də, qaşqaylar da, hətta Kərkükdəki türklər də, Şərqi Türküstandakı uyğurlar da Azərbaycan türklərinə güvənir və ondan ilham alırlar. İranın tərkibində olan ərazilərin əksəriyyəti işğal olunub. Bu baxımdan İran parçalanmayacaq, xalqlar öz torpaqlarına sahib çıxacaqlar. Mən də Azərbaycanın bütövlüyünü istəyirəm. Bu da müxtəlif ölkələrə mühacirət etmiş ziyalılarımızın yardımıyla olacaq. Ona görə də Azərbaycan Respublikasının dəstəyinə ehtiyacımız var”. Sonda jurnalistlərin sualları cavablandırıldı.
© 2008 Ria.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad zəruridir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.



del.icio.us
Digg
Şərhlər (0 Göndərildi):
Sizin şərh